Ermənilərin
zaman-zaman türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasəti təkcə
ata-baba torpaqlarımızın deyil, həm də qanı-qanımızdan, canı-canımızdan
olan doğmalarımızın itirilməsi ilə nəticələnib.
Martın
30-da qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində Qars
vilayətindən Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi olan
Murtaza Karaçantanın bələdiyyə sədri seçilməsi bu soyad üzərində
düşünməyə əsas verirdi.
Bir qədər əvvəldən başlayaq
Öncə
onu deyək ki, Murtaza Karaçanta Qərbi Azərbaycan əsillidir.
Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta kəndindəndir. Yəni
Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay
boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq
hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır.
İndiki
Ermənistanın ərazisində qalan, sonralar Amasiya rayonu adlandırılan
Ağbaba Qərbdən Çıldır, Şimaldan Axılkələk və Şərqdən Qızılqoç (Qukasyan)
rayonu ilə əhatə olunmuş dağlıq ərazidir.
AMEA-nın
elmi işçisi Nazim Mustafanın uzun illər apardığı tədqiqatlardan bəlli
olur ki, Arpaçay Şörəyelin özünü iki hissəyə ayırır. Qars vilayəti
ərazisində qalan hissə Qərbi Şörəyel, bir hissəsi indiki Ermənistan
ərazisində qalan ərazi isə Şərqi Şörəyel adlanır.
1918-ci
ilədək 39 kəndi özündə birləşdirən və Qars vilayətinin tərkibində olan
Ağbaba nahiyəsinin ərazisinin böyük bir qismi əvvəlcə Gümrü (1920),
sonra isə Moskva və Qars (1921) müqavilələrinə əsasən, Ermənistanın
tərkibinə qatılıb.
1930-cu il
sentyabrın 30-da Ağbaba nahiyəsinin əsasında Amasiya rayonu təşkil
edilib. 1924-1989-cu illərdə Ağbaba nahiyəsində və Amasiya rayonunda
Partiya Komitəsinin 14 birinci katibindən 10 nəfərinin türk, yalnız 4
nəfərinin erməni, İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyənlərin 8
nəfərinin türk olması və nəticə etibarilə 70-ci illərdə əhalinin 84
faizinin türklər, 15 faizinin ermənilər, yalnız 1 faizinin digər
millətlərin nümayəndələrinin təşkil etməsi ermənilərin ciddi
narahatlığına səbəb olub.
Zori Balayan: «Fikirləşib, ciddi tədbir görmək lazımdır»
Tədqiqatçı
Nazim Mustafanın yazdığına görə, Ermənistanın Rusiyaya
birləşdirilməsinin 150 illiyi ərəfəsində-1978-ci ildə «Ocaq» kitabını
yazmaq üçün materiallar toplamaq məqsədilə Amasiyaya gələn Zori Balayan
rayonun ərazisni gəzdikdən sonra ermənilərin sayının azlığından narahat
olaraq deyir: «Fikirləşib, ciddi tədbir görmək lazımdır». Tədbir də
görülür. Azərbaycanlı kadrlar sıxışdırılıb çıxarılır, cinayət
məsuliyyətlərinə cəlb edilir, müxtəlif yerlərdə ali təhsil almış gənclər
sərhəd zonasında pasport rejimi qaydalarını bəhanə edərək qeydiyyata
götürülmür və bu kimi səbəblərə görə 80-ci illərdə yüzlərlə gənc türk
ailəsi məcburiyyət qarşısında qalıb Şimali Qafqaza və Qazaxstana köç
edirlər.
1987-ci ilin əvvəllərində rayonun 21
min nəfərlik əhalisindən təqribən 18 min nəfərini türklər təşkil edib.
Belə ki, 27 kənddən 21-də sırf türklər, 5 kənddə ermənilər, rayon
mərkəzində isə türklərlə ermənilər qarışıq yaşayıblar. Təmiz türklərin
yaşadığı kəndlərdən biri də 1929-1932-ci illər arası Türkiyədə sığınacaq
tapan və artıq Qarsın bələdiyyə başqanı olan Murtaza Qaraçanta nəslinin
doğma Qaraçanta kəndi olub. Oğuz yurdu Qaraçanta Öncə Qaraçalma,
Qaraçəntey, sonralar isə Qaraçanta adlandırılan bu kəndin adının haradan
götürüldyü haqda dəqiq məlumat yoxdur. Qaraçanta adı ətrafında bəzi
versiyalar səslənsə də, bunlar heç bir qaynağa əsaslanmır.
Lakin
şübhəsizdir ki, kəndin adında olan «qara» sözü rəng mənası bildirmir.
Bu söz, eramızdan əvvəl 7-ci yüzillikdə yaradılmış qədim türk
dastanlarından olan «Yaradılış» dastanının baş qəhrəmanı Qara xan, yaşı
1500 ildən çox olan «Kitabi-Dədə Qorqud» dastanının qəhrəmanlarından
Qaraca Çoban, nağıl qəhrəmanı Qara Pəhləvan və bir sıra digər adlarla
həmahəng olub, igid, cəsur, mərd, məğlubedilməz mənasını verir.
Qaraçanta kədi sonacan adını qoruyub saxlaya bilməyib və Murtaza
Karaçanta ailəsinin köçündən bir qədər sonra, 1939-cu il may ayının 4-də
inqilabçı bolşevik Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb.
Qaraçantda 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin
tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi
kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub.
1938-ci
ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib.
Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı
mülayimdir. «Duz dağ», «Qapılı zağa», «Ömər dərəsi», «Arpa çayı»,
«Hülley dağ», «Orta təpə», «Üçgözlər», «Məmmədağa», «Daş dərə», «Göy
bulaq», «Alməmmədlilərin bulağı» qaraçantalıların heç vaxt
unutmayacaqları dağ, dərə, bulaq adlarıdır.
Murtaza Qaraçanta kimdir?
Murtaza
Qaraçantanın ata babası Abbasqulu kişi xeyirxah əməlləri ilə bütün
mahalda ad çıxardığına görə, hörmət əlaməti olaraq əhali tərəfindən
«Abbas əmi» deyə çağırılıb. 30-cu illərdə kənddə kolxoz qurulan vaxt
onun 6 yerdə mərəyi, 2 yerdə otlağı, min başa qədər ana qoyunu, bir o
qədər toğlusu, quzusu, 30 boyun öküzü, camışı, yüzdən artıq iribuynuzlu
qaramalı, inəyi olub.
Kolxozun qoyunçluq
yerləşən tövlələri, pəyələri də ona məxsus olub. Abbasqulunun Haqverdi,
Əliyar, Heydər, Bəxtiyar və Murtaza Qaraçantanın babası Allahyar adlı 5
oğlu olub.
Ötən əsrin 30-cu illərində
Abbasqulu kişinin bütün var-dövləti əlindən alınıb, özü isə «kulak»
adlandırılıb. Bundan sonra ailə Türkiyəyə, Qarsa üz tutub. Murtaza bəyin
babası Allahyar kişi kəndin Süleymanlılar tayfasının qızı Kamala
xanımla ailə həyatı qurub. Murtaza Karaçantanın nənəsi Kəmalə xanımla
mənim anamın nənəsi Lala isə doğmaca bacıdır. Murtaza Karaçanta Allahyar
bəy və Kəmalə xanımın övladları Vural bəyin oğludur. Bir az da
yaxınlaşdırsaq, xala uşaqları!!!
Karaçantalıların Türkiyə fəaliyyəti
Doğrusu,
bu haqda məlumatımız azdır. Amma bildiyimiz odur ki, Haqverdiyev
soyadlı bu nəsil Türkiyəyə köçdükdən sonra doğma kəndimizin adını soyad
kimi ədəbiləşdiriblər. Amasiya və Qarsı yalnız iri məftillər ayırırdı.
Qalan şey- milli-mənəvi dəyərələr, etnoqrafik ənənələr olduğu kimi
qorunurdu.
Təbrik zəngimdə özümün də hiss
etdiyim kimi... Söhbət əsnasında təmiz Qaraçanta ləhcəsini duymamaq
olmurdu. Bundan başqa Murtaza bəyin öz soy-kökünü, adət-ənənələrimizi
ailəsi ilə birgə necə qoruyub saxladığını açıq-aydın hiss etdim. Var
olun, Murtaza bəy!!! Tezliklə görüşmək ümidi ilə…
Pərvanə İbrahimova
|